Additional Information
Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Onların xalçaları bütün Qarabağda məşhur idi. Malıbəylinin sakinləri buraya vaxtilə Laçın rayonu mərkəzindən 20 km aralıda yerləşən Malıbəy kəndindən köçüb gəlmişdilər. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm də Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, mərfəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd – təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır.